Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALI RAYONUNUN DİLBƏR GUŞƏSİ OLAN MEŞƏLİ KƏNDİ HAQQINDA ÜMUMİ MƏLUMAT

0

  •          Qarabağın gözəl  təbiətə, füsunkar gözəlliyə malik yerlərindən biri də Meşəli kəndidir. Meşəli kəndi  kürəyini  Qırxqız dağlarına söykəmişdi. Ovlu-ovlaqlı meşələri, min illik yaşı olan qollubudaqlı ağacları, yüz ilin arxasını yerə vurmuş ağsaqqalları, ağbirçəkləri vardır. Qırxqız dağının  yüzlərlə  göz  yaşı  kimi duru keybir bulaqlarının süzülüb töküldüyü Qarqar çayının  bir  qolu olan Meşəli çayı həzin  laylaları ilə üzü Aran Qarabağa tərəf axır.
            Meşəli kəndinin adından da  göründüyü kimi hərtərəfli sıx meşələrlə əhatə olunmuşdu. Meşələr qiymətli ağac növləri ilə zəngin idi.
            Meşəlinin çayı öz başlanğıcını əzəmətli Qırxqız dağlarından alır, minbir dərələrdən damla-damla süzülüb, yavaş-yavaş toplanaraq, getdikcə kükrəyib dəlisov bir çaya dönür. Yaz gələndə isə çay daşır, üzü dağlara doğru qalxan köçlər günlərlə gözləyirdilər ki, sel nə vaxt yol verəcək. Kənddə olan gülçiçəyin, dərman bitkilərinin sayı hesabı yox idi. Təbiət boyaq bitkiləri ilə də məşhurdur. Ulu nənələrimiz palıd  yarpağı ilə boyadıqları tuluqlar  uzun illər təravətini itirmirdi.  Müxtəlif ot bitkilərindən alınan  rənglərdən toxunan palazların, kilimlərin, farmaşların, xalçaların tayı-bərabəri yoxdur.
            Meşəli kəndinin meşələri zəngin flora və faunaya malikdir.  Meşələr müxtəlif növ yırtıcı  heyvanlarla, quşlarla və çaylar isə bir neçə balıq növləri ilə zəngin idi.
    Kəndin füsünkar təbiətindən  elə bil ki, ulu tanrı heç nəyi əsirgəməyib. Burada hər qayanın,  daşın öz adı var; Quzğun qayası, İlan qayası, Hacı Şirin qayası, Çubuq qayası, Gəlin uçan, Haça qaya, Börkün qayası,  Teymurləngin  qayası və.s.
            Meşəli kəndini əhatə edən çaylar - Orta  tala çayı,  Xıravəndin çayı, Qırxqız çayı, Baldırğanlı çay və digərləri bir-biri ilə birləşərək böyük Meşəli çayına  qovuşur. Meşəli çayının hövzəsində yaranan təbii göllər də var idi; Arı ferması gölü, Zavodun gölü, Dəhnə gölü, Rus  talası gölü. Kəndin çayları və gölləri ilə yanaşı durna gözlü bulaqları da var idi. Bu bulaqlar müalicəvi əhəmiyyətli bulaqlardan idi. Kəndin yaxınlığında yerləşən Böyrək bulağı və eyni zamanda Qırxqız dağının ətəklərində yerləşən Qasım bulağı, Köştala bulağı, Ayğır bulağı, Balta bulağı, Yeddi bulaq, Armudlu bulağı və Rus bulağı bunlardandır. Bunu da əlavə  etmək lazımdır ki, ilin bütün fəsillərində Qırxqız  dağında Buzxana adlanan yerdə daim buz tapmaq mümkündür.
            Meşəli kəndinin təbiəti və  əkinə yararlı torpaqları kənd sakinlərinin əkinçiliklə  məşğul olmasına geniş imkan  veirirdi.  Yaz  gələndə kənd camaatı bir-birindən gözəl yaylaqlara köçərək şəxsi mal-qaralarını bir neçə  aylığına yaylaqlarda saxlayardılar. Həmin yaylaqlardan; tək pəyə, baba binəsi, çubuq qayası,  Xocalı  yurdu, Əbülfətin yurdu, köç talası, şərik yal, orta  tala,  sarı  tala,  böyük meydan və.s yaylaqları misal gətirmək  olar.
            Kəndin maraqlı tarixi abidələri hələ də sirr olaraq qalır; Seyid qəbiri, Teymurləngin qalası, Börkün qalası, Qırxqız dağının qoynunda  yerləşən Oğuz sərkərdələrinin dəfn olunduğu Kurqan məzarlığı, qoç və at heykəlləri vardır .
            Müqəddəs ziyarətgahlardan  biri olan Seyid qəbri ərazidə  yaşayan insanların inanc yeri olaraq bura ilin bütün fəsillərində insanların ziyarət mərkəzi hesab edilirdi. Meydan adlanan yerdə yerləşən Xocalı yurdu deyilən bu ziyarətgahın tarixi olduqca qədim  dövrlərdən başlanırdı. Deyilənlərə görə hər yay bura yaylağa  gələn  insanlar burada vəfat edən əzizlərini  yayın istisində  arana  aparmaq olduqca böyük çətinliklər törətdiyinə görə, həyatının son günlərini yaşayan  olduqca böyük hörmət və izzətə  malik olan, adı bu gün də bilinməyən Seyid, xalqı bu əziyyətdən qutarmaq üçün onu meydan yaylağında dəfn edilməsini vəsiyyət  edir  və onun bu arzusunu da yerinə yetirirlər. O gündən sonra ora  böyük  qəbiristanlığa  çevrilir. Meşəli kənd sakinləridə öz  körpə uşaqlarını da o qəbristanlıqda dəfn edirdilər. Bu yaylaqlar Aran Qarabağın bütün ərazisindən  görünür.
            1998-ci  ildə  ermənilər  həmin qəbri təhqir etmiş və vəhşicəsinə dağıtmışdılar. Bu hadisədən bir neçə gün keçməmiş Ermənistanda  yəni  Spitakda  böyük  zəlzələ  baş  vermişdir. Bu da  ziyarətgahlara xor baxanların əqidələrinin sonluğu böyük tanrının qəzəbinə düçar olmuşdur.
            Erməni faşistləri XX əsrin 70-ci illərində at və qoç heykəllərini kütləvi şəkildə məhv edirdilər.
    Qansız düşmənlərimiz bu abidələrin  içərisində  qızıl  olduğunu  uydurmuşdular və beləliklə Vətənimizin hər yerində olduğu kimi  bu Türk nişanələrinin tarixdən silinməsinə qismən nail olmuşdular. Kəndin ətrafında sayısız qədim Albaniyanın nişanələri də qorunub saxlanılmışdır; Yeddi  kilsə, Əvəzin yurdu adlanan yerdəki məbəd, Xıravənd kilsəsi, Durpa suyunun kilsəsi və bunların ətrafındakı,  qəbristanlıqdakı qəbir daşlarının üzərində  olan at, qoç və qırxlıq şəkilləri  türk  məskəninin  nişanələridir.
            Bu abidələrə vaxtı ilə Azərbaycanın qeyrətli alim və ziyalılarını maraqlandırmış və onlar Meşəli  kəndinin ziyalı oğlu Əli  Mahmudun təklifi ilə Meşəlidəki kurqanların tarixini araşdırmaq üçün gələn bir qrup ziyalılarımız bu yerləri qarış-qarış gəzmişlər. Bu yurd sevən insanlardan aşağıdakıların adlarını çəkmək olar:
    1. Xudu  Məmmədov - Geologiya və minerologiys elmləri  doktoru.
    2. Süleyman Əliyarlı - Tarix  elmləri  doktoru. 
    3. Bəxtiyar Vahabzadə - Xalq şairi.
    4. Aydın Məmmədov - Filoloq.
            Kurqanlarımızın, tarix abidələrimizin tədqiqatı ilə yerində məşğul olmağa başladı. Lakin ermənilər bu işdən xəbər tutan kimi maneəçilik törətdilər. Bu tətqiqatlar  yarımçıq qaldı. Ermənilər bu məsələyə Vilayət Partiya Komitəsinin 1-ci katibi  B.Gevorkov  səviyyəsində qarışmışdılar. Bəhanələri də bu olmuşdur  ki, o vaxt ki, Respublika  rəhbərləri də bu məsələdə ermənilər və Moskva ilə razılaşmışdılar.
            Ermənilər vaxtı ilə Xankəndi  şəhərinin Xanbağı adlanan ərazisindən Şuşaya gedən yolun üzərindəki qədim daş heykəlləri hamısı ki, bu heykəllər şirin pəncəsi  altında donuz var  idi,  sonradan  bu abidə məhv edilmişdir. Ondan bir az yuxarıda isə erməni  simvolunu əks etdirən abidə ucaltmışdılar. Yaddaşsızlığımız bugünkü bəlalarımızın  əsas  səbəbidir.
            Meşəli kəndinin ərazisi Qarabağın ermənilər yaşayan kəndlərindən çox-çox böyük idi. Kəndin sahəsinin böyük hissəsini ucsuz-bucaqsız  meşələr əhatə edir.
            Bu ərazi 130-140 min kvadrat metrdir. Meşəli kəndi şimaldan Meydan yaylaqları, qərbdən Qırxqız dağları ilə, cənubdan Qaragav  kəndi,  şərqdən  isə  erməni  kəndləri  ilə  həmsərhəddir.
            Meşəli  kəndinin  geniş  ərazisi həmişə erməniləri narahat  edirdi. Tarix boyu bu kənd ermənilər tərəfindən dəfələrlə yandırılıb, xarabalığa çevrilməsinə baxmayaraq, yenidən dirçəlmişdi. Yaşlı qoca  nənə-babalar danışırdı ki, kəndi 1905-ci ildə ermənilər tərəfindən tamamilə yandırılıb, əhalisini məhv etmişlər. Mal otaran bir uşaq qaçıb canını  qutarmışdır, sonradan onun  törəmələri Xankəndində yaşamışdılar. Ermənilər həmişə Meşəlinin  inkişafına maneə olmuşdular. Yüz hiylə ilə Çayqovuşan kəndi kimi  buranı da köçürməyə çalışmışlar.  Səbəbini belə izah edirdilər ki,  kənd ermənilərin olmayan içməli su  hövzəsinin  başında  yerləşir.
            XX əsrin 30-cu illərində bu  əraziyə gələn ruslar, buradakı ucsuz-bucaqsız meşələri görüb ağac emalı kombinatı yaratmışlar və  bundan  sonra  azərbaycanlılar  buraya köçməyə başlamışlar, kənd yenidən dirçəlmiş və inkişaf etmişdir. Kəndə elektirik enerjisi çox  gərgin mübarizədən sonra 1978-ci  ildə çəkilmişdi. Ermənilər  Xankəndindən  30 km  aralıda yerləşməsinə  baxmayaraq kəndə məktəb, klub  və bu kimi sosial tikililər tikmişdilər. Bizdən 7 km aralıda yerləşən erməni kəndi Badaranın isə hər cür şəraiti var idi.
            Meşəli kəndi həmişə ermənilərin təziqinə məruz qalırdı. Kəndə  müstəqil məktəb vermirdilər. Badara kəndinin filialı kimi 8 illik  məktəbi fəaliyyət göstərirdi.  Gərgin mübarizədən sonra müstəqil 8 illik məktəb qəbul olunmuşdu.
            1998-ci ilin fevral ayında başlanan 1-ci Qarabağ müharibəsi zamanı Meşəli kəndini  Laçının qara qapısı  adlandırırdılar.  Kəndin müdafiəsində hamı bir  nəfər kimi iştirak  edirdi. Kəndin igid oğlanları, ermənilərin bizə qarşı törətdikləri terrorları cavabsız qoymurdular.
    Hələ 1941-1945-ci illər müharibəsi zamanıda kəndin onlarla oğulları cəbhədə vuruşmuş və geri  qayıtmamışdılar.
            Erməni terrorunun ilk qurbanlarından biri də Meşəli kəndinin  igid sakini Orucov Miriyusif olmuşdur. Onu 1989-cu  ilin  avqust  ayının 6-da qətlə yetirmişdilər.
            Birinci Qarabağ müharibəsi  zamanı kəndi ermənilər mühasirədə saxlayırdılar. Ağdam və Şuşaya getmək üçün yeganə nəqliyyat növü hava nəqliyyatı idi. Bu çətin şəraitdə Meşəli camaatı hər bir əzab-əziyyətə sinə gələrək torpaqlarını  müdafiə  edirdi.
            1991-ci ilin ortalarında kənddə olan quş tüfənglərini də ermənilərin  təkidi ilə rus ordusu  yığırdı. Əhalinin əliyalın olmasından istifadə edən erməni rus  ordusunun köməyi ilə  kəndə 1991-ci ilin dekabrın 23-də hücuma keçdilər və kəndi işğal edib yandırdılar. Hadisədən 10  gün  əvvəl Əsgərən rayon komendantı bir neçə kəndə gəlib hərbi  postların qoyulacağını bildirdilər.  Buna görə də kəndin ermənilərdən qorumaq üçün təhlükəli əraziləri onlara  göstərdik  və  bizim  postların hara olduğunu öyrəndilər.  Sonradan  yəni  hücum vaxtı başa düşdük ki, bu  kəşfiyyat  xarakterli məlumatlar ermənilərə verilmiş və ermənilər hücum zamanı bizim postlar olan yerdən heç bir erməni və rus birləşməsi hücum etmədilər. Hücum  yalnız  ağlımıza gəlməyən yerlərdən olundu. Kənd əhalisinə  amasızcasına divan tutub 20 nəfər  kənd sakinini qətlə yetirdilər. Orucov Miryusif Kərim oğlu, Hümbətov Bəhlul Müseyib oğlu, Quliyev  Qənimət Əli oğlu, Quliyeva Rüba Hacı qızı, Quliyev Mətləb Qənimət oğlu, Quliyev İsmayıl Qənimət oğlu, Novruzov Novruz Məhərrəm oğlu, Novruzova Adilə Məhəmməd qızı, Novruzov Zakir Novruz oğlu, Novruzova Rahilə Novruz qızı, Novruzova Rübabə  Novruz qızı,  Allahverdiyev Vidadi Müsil oğlu, Sadıqov  Əvəz  Alış oğlu, Sadıqova Qönçə Məmmədbağır qızı, Nurməmmədov Hüseyin Rıza oğlu, Nurməmmədova Pakizə İslam qızı, İbadullayev Nadir Nəbi oğlu, Kazımov Xəlil Mahmud oğlu, Qasımov Ənvər Bahadur oğlu, Mehralıyev Əli Mürsəl oğlu, Xudayarova Sürəyya Alış qızı şəhid oldular. Meşəli sakinlərinin 3 nəfəri isə - İbadullayev Arif Möhübbət oğlu, Orucov Rafiq Miryusif oğlu, Orucov Fazil Ənvər oğlu, Sarvan Mehralıyev Natiq oğlu Qarabağ döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldılar.
            Respublikamızın digər bölgələrindən Meşəli kəndinin  müdafiəsinə gəlmiş qeyrətli oğlanlardan 5  nəfər qəhrəmancasına şəhid olmuşdur: Rüstəmov Hidayət,  Faiq - Ağdam  rayonu  polis  şöbəsinin əməkdaşları, Əyyubov Kamil Baba oğu (Bakı), Musa (Quba r.), Tahir  (Yevlax r.)
            Şəhidlik zirvəsinə ucalan igid oğlanlarımızdan bir neçəsi ölümündən sonra dövlətimiz tərəfindən  medal və ordenlə təltif ediliblər. Mehralıyev Əli Mürsəl oğlu “İgidliyə görə”, Meşəli kəndi,  Orucov  Rafiq Miriyusif oğlu “İgidliyə  görə”, Sarvan Mehralıyev “İgidliyə görə” medalı ilə təltif edilmişlər.
            Bu gün Meşəli sakinləri Goranboy rayonun eyni adlı kəndində salınmış qəsəbədə müvəqqəti məskunlaşıblar. Gənclərimiz vətənpərvər ruhda tərbiyələniblər. Məktəbimizdə keçirilən tədbirlərdə Xocalı rayonu, həmçinin Meşəli kəndi haqqında şagirdlərə məlumatlar çatdırılır.
            Dövlətimizin və Cənab Prezidentimizin hər cür diqqət və qayğısı ilə əhatə olunan meşələlilər  doğma yurd-yuvalarına dönəcək günün ümidilə yaşayırlar.

    Alış ALIŞOV,
    Xocalı rayon Meşəli kənd kənd tam orta məktəbinin direktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaQəzet
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib112 dəfə
    xocali rayonunun dİlbƏr guŞƏsİ olan meŞƏlİ kƏndİ haqqinda Ümumİ mƏlumat

    Maraqlı gələ bilər
    56
    66
    74